Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Nuray Bayramzadənin məsələsi ilə bağlı məlumatı


11 noyabr 2006-cı il təvəllüdlü Nuray Əvəz qızı Bayramzadənin xalasından alınaraq atasına verilməsi barədə məhkəmə qətnaməsinin icrası ilə bağlı sosial şəbəkələrdə yayımlanmış video-süjetlə əlaqədar olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunmuş işçi qrup Quba rayon İcra Hakimiyyətinin nümayəndələri ilə birlikdə Quba rayonunda azyaşlı və onun qohumları ilə görüşmüşdür.

Görüş zamanı xalası M.Eldarovanın himayəsində yaşayan Nurayın böyüdüyü və tərbiyə olunduğu şərait yoxlanılmış, onun özü ilə ətraflı söhbət aparılıb. Azyaşlı xalasından (ana deyərək çağırırdı) ayrılmaq istəmədiyini söyləmişdir. Nurayın xalası M.Eldarova atanın uşağı ilə heç vaxt maraqlanmadığını, onu körpə vaxtında atıb getdiyini, uşağın on yaşının tamam olduğunu və buna görə də təkrar olaraq Nurayın öz himayəsində qalması ilə bağlı məhkəməyə müraciət edəcəyini bildirmişdir.

N.Bayramzadə 2010-cu ildə anasının vəfatından sonra Quba rayon İcra Hakimiyyətinin sərəncamı ilə xalası M.Eldarovanın qəyyumluğuna verilmişdir.

Atası Ə.Bayramovun iddiası əsasında 2012-ci ildə Quba rayon Məhkəməsi uşağın atasına verilməsi haqqında qətnamə qəbul etmişdir. Sumqayıt Appelyasiya Məhkəməsinin və 28.08.2012-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 10.04.2013-cü il tarixli qərarı ilə Quba rayon Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır.

07.12.2016-cı il tarixində Quba rayon icra şöbəsində icra prosesi zamanı Nuray Bayramzadə baş verənlərdən ağır stress keçirmişdir. Belə ki, təqdim edilmiş sənəddə Quba rayon Mərkəzi Xəstəxanasının həkim-psixiatrı azyaşlının icra prosesində kəskin psixoemosional və fiziki təzyiqlərə məruz qaldığının şahidi olduğunu bildirmiş və yaşayış mühitinin dəyişdirilməsinin ona mənfi təsir edəcəyi barədə rəy vermişdir.

Yuxarıda göstərilənləri nəzərə alaraq Komitə hazırki vəziyyətdə məhkəmə qətnaməsinin icrası üzrə tədbirlərin davam etdirilməsinin N.Bayramzadənin mənafeyinə uyğun olmadığını hesab edir. Belə ki, Azərbaycan Respublikasının qanunvericiliyinə və beynəlxalq konvensiyalara əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Qərarların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir.

Məsələ ilə bağlı Komitə tərəfindən Ədliyyə Nazirliyi ilə əlaqə saxlanılmışdır. Nazirlik baş vermiş insidentlə bağlı hazırda xidməti araşdırma aparıldığını və nəticə üzrə qanunamüvafiq tədbirlər görüləcəyini bildirmişdir.