29 dekabr 2016-cı il tarixində Hökumət Evinin konfrans zalında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2016-cı il üzrə fəaliyyəti haqqında illik hesabatı və 2017-ci ilin birinci yarısı üçün həyata keçiriləcək tədbirlərin müzakirəsi  məqsədilə Kollegiya iclası keçirilib. İclasda Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinin müdiri İsmayıl Sadıqov,  Milli Məclisin sədr müavini Bahar Muradova, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Naxçıvan MR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, dövlət qurumlarının rəhbərləri və rəsmi nümayəndələri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, Komitənin əməkdaşları, Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin direktorları iştirak edib. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başlayıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova iştirakçıları salamlayaraq, təqdimatla çıxış edib. O bildirib ki, iclas mühüm tarixi dövrə təsadüf edir, belə ki, bu il həm müstəqilliyimizin 25-ci ildönümüdür, həm də Komitəmizin yaranmasından 10 il ötür. ”Bu il Müasir Demokratik Azərbaycan dövlətinin yaradıcısı  Ümummilli Lider Heydər Əliyevin müdrik siyasəti və hörmətli Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə  Azərbaycanda sülh, əmin-amanlıq, təhlükəsizlik hökm sürür, insanlar rahat yaşayır, quruculuq işləri aparılır. Müstəqilliyinin 25-ci ildönümünü yaşayan ölkəmiz  Cənubi Qafqazın lider dövlətinə çevrilib.”

Dövlətimiz üçün qadın və uşaq hüquqlarının müdafiəsinin hər zaman prioritet olduğunu qeyd edən Komitə sədri bildirib ki, ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqların müdafiəsi istiqamətində bir sıra mühüm qanunlar qəbul edilmiş və bu sahədə davamlı islahatlar aparılmışdır. Komitə tərəfindən isə  ailə, qadın və uşaq siyasəti istiqamətində Azərbaycan Respublikasının Prezidentinin Fərman və Sərəncamları ilə təsdiq edilmiş 7 Dövlət Proqramı icra edilir. O qeyd edib ki, “Gələcəyə Baxış İnkişaf Konsepsiyası” və 2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələrək, ailə institutunun möhkəmləndirilməsi, gender bərabərliyinin təmin edilməsi, bütün sahələrdə qadınların və qızların imkanlarının genişləndirilməsi, uşaqların bütün sahələrdə  hüquqlarının müdafiəsi üçün müvafiq sənədlər hazırlanır.

Hicran Hüseynova Komitə tərəfindən Bakının kəndlərində və bütün digər bölgələrdə həyata keçirilən mühüm layihələri, seminar və toplantıları diqqətə çatdıraraq, bildirib ki, ötən illər ərzində Azərbaycanın rayonlarını təmsil edən, 100-ə yaxın ailənin iştirakı ilə “Ailə bayramı”, Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə, “Azərbaycan ailəsi” adlı film festivalı uğurla həyata keçirilmişdir. O, bütün bu tədbirlərdə ölkənin birinci xanımı Mehriban Əliyevanın dəstəyini xüsusi olaraq qeyd edib.

Komitə sədri bildirib ki, qadınlarımızın əldə etdikləri uğurlar, bütövlükdə dövlətimizin nailiyyətidir: “Ölkədə biznes mühitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar  sahibkarlarımızda böyük ruh yüksəkliyi yaratmışdır. Və əlbəttə, aktual məsələlərdən biri də, kənd və rayonlarda yaşayan qadınların iqtisadi və sosial  həyatda iştirakçılığının artırılmasıdır. Bu məqsədlə Komitəmiz tərəfindən bir sıra layihələr reallaşdırılıb.”

Ölkədə vahid dövlət uşaq siyasətini həyata keçirən dövlət qurumu kimi, Komitənin müxtəlif layihələr həyata keçirdiyini qeyd edən Hicran Hüseynova bilirib ki, bu tədbirlər  qaçqın və  məcburi köçkün uşaqlar üçün xidmətlərin təminatına, böyüməkdə olan nəslin sağlamlığına, təhsilinin inkişafına, hüquqlarının müdafiəsinə,  uşaq  iştirakçılığına  yönəlmişdir.  Uşaqların öz hüquqlarını bilməsi, ictimai həyatda iştirakçılığının artırılması da  aktual məsələlərdəndir. Beynəlxalq təşkilatlar və digər dövlətlərin müvafiq qurumları ilə əməkdaşlığın genişlənirilməsi məsələsini də diqqətə çatdıran Komitə sədri bundan sonra da  birgə layihələrin icra olunacağını bildirib.

Daha sonra Naxçıvan MR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova Naxçıvanda müvafiq sahələr istiqamətində həyata keçirilən layihələri və tədbirləri diqqətə çatdırıb. O, Muxtar Respublikada gənc ailələrin, şəhid və aztəminatlı ailələrin sosial rifahının yaxşılaşdırılması, uşaqların asudə vaxtının səmərəli təşkili, onların iştirakçılığının artırılması, qadın və uşaq hüquqlarının müdafiəsi, reproduktiv sağlamlığın təmin olunması istiqamətində mühüm nəticələrin əldə olunduğunu qeyd edib.

Ramilə Seyidova onu da bildirib ki, gənc nəsillə yaşlıların, ağbirçək və ağsaqqalların görüşləri keçirilib, onların qarşılıqlı dialoqları təşkil edilib. Eyni zamanda qadınların məşğulluğunun artırılması, onların bütün sahələrdə fəal təmsil olunması, istedadlı uşaqların üzə çıxarılması, yeniyetmələrin peşə hazırlığı kurslarına cəlb edilməsi, sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiya olunması məqsədilə seminarlar və treninqlərin təşkil olunduğu qeyd edilib.

Milli Məclis sədrinin müavini Bahar Muradova Komitənin fəaliyyətini yüksək qiymətləndirərək ölkəmizdə ali qanunvericiliyin qadınlar üçün böyük imkanlar yaratdığını bildirib:  “Prezident İlham Əliyevin diqqəti sayəsində ölkəmizdə qadın və uşaq hüquqlarının qorunması istiqamətində ciddi tədbirlər görülüb. Məişət zorakılığının qarşısının alınması Azərbaycanın dövlət qadın siyasətinin tərkib hissəsidir. Ölkəmizdə qadınların sosial durumunun yaxşılaşdırılması və onların ictimai fəallığının yüksəldilməsi istiqamətində mühüm addımlar atılıb. Son illərdə dövlət qadın siyasətinin gücləndirilməsi, eləcə də hüquqi bazanın yenidən təkmilləşdirilməsi istiqamətində qəbul olunan qanunlar bir daha göstərir ki, Azərbaycanda bu proses davamlı olub və heç bir mərhələdə dayanmayıb.” Bahar Muradova Milli Məclisin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə sıx münasibətlər qurduğunu və bunun davamlı olmasını bildirib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova qadın sahibkarlığının inkişafı, qadınların qərarqəbuletmə və idarəçilikdə təmsilçiliyinin artırılması istiqamətində Komitə tərəfindən Azərbaycanın regionlarında  həyata keçirilən tədbirlər barədə təqdimatla çıxış edib və bölgələrdə yaradılan Qadın Resurs Mərkəzləri haqqında məlumatları diqqətə çatdırıb.

Kollegiyada Komitənin əməkdaşları tərəfindən 2016-cı il üzrə fəaliyyətə dair hesabatla yanaşı, cari il ərzində qanunvericiliyə dair hazırlanmış sənəd və təkliflər, beynəlxalq görüşlər, il ərzində Komitənin regional görüşləri və daxil olmuş vətəndaş müraciətləri əsasında aparılmış təhlillər, müsbət tendensiyalar, prioritet istiqamətlər, regionlarda qadınlarla bağlı aparılan işlər, Komitənin Regional Mərkəzlərinin ailələrə dəstək və profilaktik iş istiqamətində fəaliyyəti və əldə olunan nəticələr müzakirə olunub, hesablar diqqətə çatdırılıb.

Kollegiyanın ikinci hissəsində Komitə sədrinin müavini Aynur Sofiyeva “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2017-ci ilin birinci yarısı üçün İş Planı” haqqında məlumat verib. Təqdimatda gələn ildə görüləcək mühüm tədbirlər, davam etdiriləcək layihələr barədə ətraflı məlumatlar yer alıb.

Sonda Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova carı ilin uğurlarına görə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən xüsusi plaketlə təltif olunub.

1483008976634661973_1000x669 IMG_4549 IMG_4550 IMG_4553 unnamed

image_pdfimage_print

  • Facebook
  • Twitter
  • Email
  • RSS
  • LinkedIn