Dövlət Komitəsinin sədri İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri ilə görüş keçirdi


15 noyabr  2016-ci il tarixində Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri cənab Cavad Cahangirzadəni qəbul edib.

Dövlət Komitəsinin sədri Hicran Hüseynova əvvəlcə, Türkiyədə keçirilən “İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin inkişafında qadınların rolu” mövzusundakı konfrans çərçivəsində İran Prezidentinin Ailə və Qadın məsələləri üzrə müavini Şahindoxt Molaverdi ilə görüşünü qeyd edərək, müzakirə olunan məsələlərin əhəmiyyətini vurğulayıb.

Daha sonra xanım Hicran Hüseynova dövlətin yaratdığı imkanlar sayəsində Azərbaycan qadınlarının fəaliyyətini, onların müxtəlif sahələrdə təmsil olunmasını diqqətə çatdırıb. Sahibkar qadınların saylarının ildən-ilə artmasını qeyd edən Dövlət Komitəsinin sədri İranda da qadın sahibkarların güclü potensialları olduğunu bildirib. Hicran Hüseynova beynəlxalq aləmdə müsəlman qadınlarına münasibətin birmənalı olmadığını, ancaq bunun əksinə onların hər bir sahədə inkişaf etdiyini, dövlət qurumlarında, özəl idarələrdə, iqtisadiyyatın hər bir sahəsində təmsil olunduğunu bildirib.

Komitə sədri Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanım Mehriban Əliyevanın fəaliyyətini xüsusilə qeyd edərək, onun qadınlarımız üçün bir nümunə olduğunu diqqətə çatdırıb.

Çıxış edən İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri cənab    Cavad Cahangirzadə Azərbaycanla ilə bütün sahələr üzrə əməkdaşlığın genişləndirilməsinə hazır olduğunu bildirib. O, qadınların irəli çəkilməsi ilə bağlı İran təcrübəsini bölüşüb. Səfir İran İslam Respublikasında qadınların cəmiyyətdə kifayət qədər fəal olduqlarını, onlar üçün hər cür imkanların yaradıldığını qeyd edib. O, Azərbaycanla ikitərəfli əlaqələrin genişləndirilməsinin və təcrübə mübadiləsi aparılmasının  mühüm  əhəmiyyət kəsb etdiyini bildirib.

Görüş çərçivəsində gələcək planlar və növbəti ildə birgə konfransın keçirilməsi müzakirə olunub.

IMG_5767 IMG_5771 IMG_5776 IMG_5780