“İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin inkişafında qadınların rolu” mövzusunda nazirlərin VI konfransında sədrlik Azərbaycan Respublikasından Türkiyəyə verilib


1-3 noyabr, 2016-cı il tarixlərində Türkiyə Respublikasının Ailə və Sosial Siyasət Nazirliyinin ev sahibliyi ilə İstanbul şəhərində “İslam Əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin İnkişafında Qadınların rolu” mövzusunda Nazirlərin VI  Konfransı keçirilib.

İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin müvafiq nazirliklərinin nümayəndələrinin iştirak etdiyi konfransda Azərbaycan Respublikasını Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova təmsil edib.

Konfransda çıxış edən Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan iştirakçıları salamlayaraq, tədbirin beynəlxalq əhəmiyyətini qeyd edib. Prezident İslam dünyasının həll etmək məcburiyyətində olduğu o qədər problem, kömək edilməli olan o qədər insan varkən, enerji və imkanları daxili qarşıdurmalara həsr edə bilməyəcəklərini vurğulayıb. “Belə bir vəziyyət dostlarımızı kədərləndirər, düşmənlərimizi isə sevindirər. Heç birimizin buna haqqı yoxdur. Biz Türkiyə olaraq, vəzifə və məsuliyyətlərimizi bu istiqamətdə istifadə etmək üçün səy göstəririk.”

Prezident Rəcəb Tayyib Ərdoğan siyasi həyatı boyunca qadınlardan çox ciddi dəstək gördüyünü, onları daim siyasətə dəvət etdiyini qeyd edib: “Baş nazirliyim və prezidentliyim dövründə qadın millət vəkillərinin sayının artırılmasında, qadına qarşı zorakılıqla mübarizədə, təhsildə, səhiyyədə, ümumiyyətlə, hər sahədə qadınlarımıza dəstək verdim, verirəm” deyə bildirib. Prezident Erdoğan, eyni zamanda artıq İslam Əməkdaşlıq Təşkilatının da bir qadın komissiyası olduğunu diqqətə çatdırıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək bildirib: “İƏT üzvü ölkələr arasında sürətli dəyişiklər olmasına baxmayaraq, hələ də münaqişə sahələrində qadınların böyük problemlər yaşadıqlarını bilirik.”

Hicran Hüseynova qadınların hər cür istismara məruz qaldığını qeyd edib: “Təəssüf ki, ən böyük problemi qadınlar yaşayır. Təbii ki, hər sahədə mövcud olan ayrı-seçkiliklərin aradan qaldırılması lazımdır. Çünki İslam heç bir zaman ayrı-seçkiliyi dəstəkləmir. ”

Komitə sədri bu məslələrdə bütün dövlətlərin, təşkilatların birgə fəaliyyətinin əhəmiyyətini diqqətə çatdırıb: “Bizim ümumi bir məsuliyyətimiz var və bu məsuliyyəti həmişə birlikdə fəaliyyət göstərməklə, qadınlara və qız uşaqlarına bütün hüquqları, xidmətləri və keyfiyyətli təhsili, məşğulluq imkanlarını təqdim edərək, onların həyatlarını zəmanət altına almalıyıq və hər cür ayrı-seçkiliyə, ictimai ədalətsizliyə qarşı qadınlarımızı və qız uşaqlarımızı qorumalıyıq. Çünki bilirik ki, qadınların inkişafı sayəsində bəlkə yoxsulluğu da azalda bilər. Bütün maraqlı tərəflər, QHT-lər bir araya gəlməli və qadınların, qız uşaqlarının üzləşmək məcburiyyətində qaldığı bu çətinliklərə qarşı birlikdə çalışmalıdırlar. ”

Hicran Hüseynova, eyni zamanda Azərbaycan Respublikasının məişət zorakılığı ilə mübarizə, qadınların bələdiyyədə, qərarqəbuletmədə təmsilçiliyinin artırılması, qadınların iqtisadi fəallığının gücləndirilməsi və digər sahələrdə aparılan mühüm işləri diqqətə çatdırıb. “Qadınlarımız  bilirlər ki, onların arxasında güclü dövlət müdafiəsi dayanır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlət qadın siyasətinin həyata keçirilməsi istiqamətində hüquqi müstəvidə geniş imkanlar, qanunvericilik bazası mövcuddur.”

Komitə sədri qeyd edib ki, bu gün Azərbaycan qadınları qərarqəbuletmə və idarəetmədə fəal iştirak edirlər. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Azərbaycan qadınlarının problemlərinin həllinə, zorakılıqla mübarizə məsələsinə xüsusi diqqətlə yanaşır. O, ictimai, mədəni və digər sahələrdəki humanist və xeyriyyəçi fəaliyyəti ilə qadınlarımıza örnəkdir.

Konfransda qadınların statusu ilə bağlı imzalanmış müvafiq sənədlərlə bağlı Azərbaycan hökumətinin hesabatları dinlənilib.  Həmçinin “İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin inkişafında qadınların rolu” mövzusunda nazirlərin VI konfransında sədrlik Azərbaycan Respublikasından Türkiyəyə verilməsi mərasimi baş tutub.

Konfrans çərçivəsində Komitə sədri Hicran Hüseynova Əfqanıstanın qadın məsələləri üzrə naziri Delbar Nazari, İran İslam Respublikasının  Qadın və Ailə Məsələləri üzrə Vitse-Prezidenti Şahindoxt Molaverdi və Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya ilə görüşərək birgə əməkdaşlıq və gender məsələlərini müzakirə edib.

Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin İnkişafında Qadınların rolu” mövzusunda Nazirlərin V  Konfransı 2014-cü il tarixində Bakıda keçirilmişdir. 25 oktyabr 2011-ci il tarixində Türkiyə Respublikası ilə ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində Əməkdaşlıq Protokolu imzalanmışdır.

14956561_1263413117013534_72894252813068487_n 14925494_1263410627013783_5585953989150544150_n 14910539_1263410680347111_8408282280889987762_n 14611055_1263411933680319_7695908739121594990_n