menu images menu images menu images menu images

SƏSVERMƏ

  • Sizcə məişət zorakılığının kökündə nə durur?

    Nəticələr

    Loading ... Loading ...

BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üçün Xüsusi Proqramının Gender və İqtisadiyyat üzrə Tematik İşçi Qrupunun iclası keçiriləcək

27 fevral 2017-ci il tarixində Cenevrə şəhərində BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Gender və İqtisadiyyat üzrə Tematik İşçi Qrupunun iclası keçiriləcəkdir.

Tədbirdə qadınların iqtisadiyyatda irəliləməsi və gender bərabərliyi üzrə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində SPECA ölkələrində görülən işlərin müzakirəsi nəzərdə tutulmuşdur.

Həmin iclasa BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Gender və İqtisadiyyat üzrə tematik Qrupunun rəhbəri kimi Azərbaycan sədrlik edəcəkdir. Tədbirdə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın başçılıq etdiyi nümayəndə heyəti iştirak edəcəkdir.

Hicran Hüseynova gender bərabərliyi, qadın hüquqlarının müdafiəsi, qadın sahibkarlığının inkişafı istiqamətində aparılan dövlət siyasəti və bu sahələr üzrə Azərbaycan təcrübəsi haqqında çıxışı nəzərdə tutulub.

image_pdfimage_print

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Naftalanda vətəndaşları qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran 21 fevral Naftalan şəhərində vətəndaşların qəbulunu keçirib.

Qəbulda Göygöl, Mingəçevir, Yevlax, Goranboy, Xocalı, Gəncə, Kəlbəcər, Samux, Naftalan rayonundan olan  sakinlər iştirak etmişdir. Qəbulda sağlamlıq imkanları məhdud uşaqların müalicəsi, erkən nikah və boşanmalardan yaranan problemlərə, imkansız ailələrin müvafiq istiqamətdə təminatı, övladlığa verilmə, uşaq hüquqlarının müdafiəsi, məişət zorakılığına məruz qalma və s. kimi məsələlərə baxılmışdır.

Qəbula gələnlər mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşkilindən razılıqlarını ifadə edərək, dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Qəbulda Komitənin sədri  Hicran Hüseynova ailə, qadın və uşaq siyasəti sahəsində görülən mühüm işlər və layihələr haqqında rayon nümayəndələrinə məlumat verib. Eyni zamanda Naftalan rayonunda baş verən erkən nikah halları, sakinlərin məşğulluq məsələləri,  qadın sahibkarlara dəstək, uşaqların təhsildən yayınması məsələləri və digər mühüm mövzular ətrafında müzakirələr aparılıb və hər bir vətəndaşın sualları fərdi qaydada cavablarla təmin edilib, eyni zamanda müraciətləri qeydə alınıb.

Qəbulda vətəndaşların Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin səlahiyyət dairəsinə aid məsələlərə dair müraciətləri Komitənin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılaraq cavablandırılıb və aidiyyəti üzrə tədbirlər görülüb.

Qəbul başa çatdıqdan sonra Komitə sədri Hicran Hüseynova rayonun bir qrup fəal qadını ilə görüşüb. Onların müraciəti dinlənilib və təklifləri nəzərə alınıb.

 

NAFTALAN-2 NAFTALAN-6

image_pdfimage_print

“Mən həyatı seçirəm” adlı maarifləndirmə layihəsi çərçivəsində növbəti tədbir keçiriləcək

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 2016-cı ildən etibarən əhali, xüsusilə gənclər arasında sağlam həyat tərzinin təbliği, ziyanlı vərdişlərə (narkomaniya, alkoqolizm, siqaret) qarşı mübarizənin gücləndirilməsi və ictimai nəzarətin artırılması məqsədi ilə “Mən həyatı seçirəm” adlı maarifləndirmə layihəsi həyata keçirilir.

Cari ildən etibarən layihə çərçivəsində valideyn və şagirdlər üçün maarifləndirmə tədbirlərinin keçirilməsi nəzərdə tutulmuşdur. Təhsil Nazirliyinin dəstəyi ilə Bakı şəhərinin Nəsimi, Nərimanov və Xətai rayonlarında yerləşən orta məktəblərdə yuxarı sinif şagirdləri və valideynlərlə keçiriləcək 2 hissəli görüşlərdə:

  • Valideyn-uşaq münasibətləri
  • Müəllim və valideynlər arasında qarşılıqlı əlaqənin qurulması
  • Ailədə baş verən konfliktlərdən necə qorunmalı
  • Yeniyetmə dövrünün çətinlikləri və onların profilaktik həlli
  • Reproduktiv sağlamlıq
  • Zərərli vərdişlərə qarşı mübarizə
  • İnternet təhlükəsizliyi
  • Hüquqi maarifləndirmə

kimi mövzular ətrafında təqdimatların və “Azərbaycan ailəsi” film festivalına təqdim olunan mövzuya uyğun filmlərin maarifləndirmə məqsədi ilə nümayişi, Komitə tərəfindən hazırlanmış və çap edilmiş maarifləndirmə vəsaitlərinin paylanması və müzakirələrin aparılması planlaşdırılır.

Qeyd olunan istiqamətdə ilk tədbir 23 fevral 2017-ci il tarixində saat 12:00-da Nəsimi rayonunda yerləşən 5 nömrəli tam orta məktəbdə keçiriləcəkdir. Tədbirdə Komitə əməkdaşlarının (sosioloq, psixoloq və hüquqşünas qismində), valideynlərin və məktəbin yuxarı sinif şagirdlərinin iştirakı nəzərdə tutulmuşdur.

image_pdfimage_print

“Xocalı faciəsi: unudulmayan tarix və günahsız uşaqlar” adlı tədbir keçiriləcək

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi xalqımıza qarşı törədilmiş soyqırım cinayətlərini, erməni vəhşiliyini, işğal zamanı həlak olmuş, ziyan çəkmiş  insanlar barədə məlumatların ictimaiyyətə çatdırılması istiqamətində tədbirlər həyata keçirir.

Bununla bağlı 24 fevral 2017-ci il, saat 11:00-da “Holiday Inn” otelində (Ünvan: Kövkəb Səfərəliyeva 5.) Xocalı soyqırımının 25-ci ildönümünə həsr edilmiş “Xocalı faciəsi: unudulmayan tarix və günahsız uşaqlar” adlı tədbir keçiriləcək.

Tədbir Xocalı soyqırımı qurbanlarının abidəsi qarşısında faciə qurbanlarının xatirəsinin yad edilməsi ilə başlanacaq.

Tədbirdə mövcud real faktları, məlumatları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq, dünya birliyini xalqımıza, eləcə də azyaşlı uşaqlara qarşı törədilmiş qanunsuz erməni vəhşiliyi, cinayətləri barədə bir daha məlumatlandırmaq məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış “Uşaqlar müharibənin günahsız qurbanlarıdır“ adlı kitabın ingilis dilinə tərcümə edilmiş versiyasının təqdimatı keçiriləcək, həmçinin kitabla bağlı məlumatları özündə əks etdirən film nümayiş olunacaq.

Kitab müharibə nəticəsində həlak olmuş, itkin düşmüş, valideynlərini itirmiş və əlil olmuş uşaqlar haqqında real faktların və rəsmi məlumatların toplanılması əsasında hazırlanmışdır. Bundan başqa kitabda işğal olunmuş rayonlar haqqında qısa məlumatlar, həlak və əlil olmuş uşaqların şəkilləri, erməni vəhşiliyinin şahidi olmuş şəxslərin ifadələri, müharibəni özündə əks etdirən həyat hekayələri, uşaqların yaradıcılığında müharibəni əks etdirən rəsm əsərləri toplusu, həmçinin atəşkəs dövründə Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş təxribatlar nəticəsində həlak olan və xəsarət alan uşaqların siyahısı da öz əksini tapmışdır. Kitabın hazırlanmasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyi, eləcə də işğal olunmuş rayon İcra hakimiyyətlərinin böyük dəstəyi olmuşdur. Kitabın Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında mühüm töhfə verəcəyi qənaətindəyik.

Tədbirdə millət vəkilləri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının nümayəndələri, işğal olunmuş rayonların nümayəndələri və digər qonaqlar iştirak edəcəklər. Qeyd olunan tədbirin əhəmiyyətini nəzərə alaraq KİV nümayəndələrini əməkdaşlığa çağırırıq.

image_pdfimage_print